Atmosferə karbon qazı buraxılmasına vergi qoyulmasından böyük gəlirlərin gəlməsi gözlənilir. Bununla əlaqədar hökumət xəbərdarlıq edib: əldə olunan vəsaitlər Almaniya büdcəsinə kömək etməlidir. Maliyyə naziri Olaf Şolts iqlim paketi çərçivəsində vergi daxilolmalarının idarə edilməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatda göstərilir ki, atmosferə karbon qazı emissiyalarına qoyulacaq vergidən 2023-cü ilə qədər 18,8 milyard avro vəsait daxil olacaq və bu vəsait iqlim problemlərinin həllinə, ya da hansısa formada vətəndaşların mənafeyinə yönəldilməlidir. İqlim paketi 2023-cü ilə qədər 54 milyard avro dəyərində tədbirlərin həyata keçirilməsini əhatə edir. Hökumət bəyan edib ki, qəbul edilmiş iqlim siyasəti "iqtisadi vəziyyətə güclü impuls verəcək və zəruri struktur dəyişiklikləri aparmaqla Almaniya sənayesinə dəstək göstərəcək".
İqlim paketinə əsasən, karbon qazının atmosferə buraxılmasına görə vergi 2021-ci ildən tutulacaq. Əvvəlcə bu verginin dərəcəsi hər ton üçün 10 avro, 2025-ci ildən isə 35 avro təşkil edəcək. Bu, benzinin, dizel yanacağının, mazutun, təbii qazın və kömürün qiymətini bahalaşdıracaq. Ona görə də Almaniya hökuməti qarşıdakı illərdə texnologiyaların təkmilləşdirilməsinin, daha qənaətcil sənaye sisteminin yaradılmasının stimullaşdırılmasını da diqqət mərkəzində saxlayır.