Yaponiya hökuməti artırılmış istehlak vergisinin təsirini azaltmaq üçün tədbir görür

2019.10.02 16:31 (UTC+04:00)

Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, rəhbərlik etdiyi hökumət oktyabrın 1-də artırılmış istehlak vergisinin təsirini azaltmaq üçün lazımi bütün addımları atacaq. Həmin verginin 8 faizdən 10 faizə qaldırılmasının zərurətdən irəli gəldiyini vurğulayan Baş nazir əldə ediləcək vəsaitin ödənişsiz məktəbəqədər təhsilə və körpələrə qulluq göstərilməsinə yönəldiləcəyini bildirib. O, həmçinin qeyd edib ki, az miqdarda pensiya alan yaşlı insanlara 560 ABŞ dolları məbləğində illik əlavə vəsait ödəniləcək.

Baş nazir bəyan edib ki, istehlak vergisinin artırılması sosial təminat sahəsində islahatları davam etdirməklə yanaşı, ehtiyacı olan bütün yaş qrupları üçün sosial qayğını yaxşılaşdırmağa şərait yaradacaq.