Bankların əməliyyat mənfəəti avqust ayında 17,3 faiz artıb

2019.10.01 13:30 (UTC+04:00)

2019-cu ilin ilk səkkiz ayının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 269,1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 655,5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 613,6 milyon manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, avqust ayında bank sektorunda aktivlərin 44,7 faizini kredit portfeli təşkil edib. Avqust ayı ərzində kredit portfeli 1,4 faiz və ya 184,1 milyon manat artaraq 13 milyard 526,4 milyon manat təşkil edib. Kredit portfelinin 61,5 faizini biznes, 38,5 faizini isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2,4 faiz, biznes kreditləri isə 0,8 faiz artıb. Aktivlərin 45,7 faizini xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34,8 faizi xarici valyutadadır.

2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8 milyard 456,9 milyon manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1,5 faiz (79,7 milyon manat) artaraq 5 milyard 437,1 milyon manat olub. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0,8 faiz və ya 24,8 milyon manat, milli valyutada isə 2,3 faiz və ya 54,9 milyon manat artıb.

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0,3 faiz (30,3 milyon manat) artaraq 10 milyard 603,4 milyon manata çatıb. Müddətli depozitlər isə 1,3 faiz (32,2 milyon manat) artaraq 2 milyad 543milyon manat təşkil edib.

Ötən ay bank sektorunun kapital mövqeyi qənaətbəxş olub. Məcmu kapital 4 milyard 161,7 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14,9 faiz çoxdur. Balans kapitalı avqust ayında 0,7 faiz və ya 30,6 milyon manat artaraq 4 milyard 613,6 milyon manat təşkil edib.

Ay ərzində bankların əməliyyat mənfəəti 17,3 faiz (81,9 milyon manat) artaraq 554,3 milyon manat, xalis mənfəəti isə 13,8 faiz (55,9 milyon manat) artaraq 462,1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,5 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,3 faiz artıb.