Yaponiya istehlak vergisini artırıb

2019.10.01 11:12 (UTC+04:00)

AZƏRTAC-ın bu mövzuya aid şərhində bildirilir ki, dəyişikliklə əlaqədar hökumət tərəfindən istehlakçıların yükünü azaltmaq istiqamətində atılan addımlara baxmayaraq, istehlak vergisinin artırılacağı ərəfədə - son istirahət günlərində mağazalara tələsən alıcıların sayı daha çox olub. Son məlumatlara görə insanlar əsasən zinət əşyalarına və məişət üçün məhsullara üstünlük veriblər. Göründüyü kimi, alıcılar istehlak vergisinin artırılması ilə əlaqədar, heç olmasa, yaxın müddət üçün ehtiyat görmək məcburiyyətindədirlər.

Ədalət naminə qeyd edək ki, əvvəlki artımlardan fərqli olaraq, istehlakçılara yardım məqsədilə Yaponiya hökuməti ilk dəfə fərqli vergi sisteminin tətbiqinə razılıq verib. Yəni gündəlik tələbat malları olan ərzaq məhsullarına və içkilərə istehlak vergisinin səviyyəsi əvvəlki 8 faiz səviyyəsində saxlanılacaq. Spirtli içkilər, həmçinin ictimai iaşə obyektlərindəki yeməklər yeni 10 faizlik həddə daxil ediləcək. Bu sistem, yəni müxtəlif məhsullara fərqli istehlak vergisinin tətbiqi Yaponiyada ilk dəfə tətbiq olunacaq ki, bu da hökumətin istehlakçıların yükünü azaltmaq məqsədilə atdığı addımlar sırasına daxildir.

Digər tərəfdən, Yaponiyanın Baş Naziri Şinzo Abenin təklifi əsasında istehlak vergisi qaldırıldıqdan sonra nağdsız ödənişlərdən istifadə edən alıcılara həmin verginin 5 faizinin toplanmış xallar şəklində qaytarılması nəzərdə tutulur. Ş.Abe bu ideyanı vergilərin qaldırılmasından sonra istehlak xərclərinin amortizasiyasını azaltmaq çərçivəsində hökumətin həyata keçirmək istədiyi tədbirlərlə əlaqədar irəli sürüb. Baş Nazir bildirib ki, 5 faiz geri ödəniş proqramı 9 ay - bu ilin oktyabrından 2020-ci ilin iyununadək davam edəcək. Xatırladaq ki, bundan bir qədər sonra Tokioda Olimpiya və Paralimpiya Oyunları keçiriləcək.

Lakin istehlak vergisinin fərqli sisteminin tətbiqi pərakəndə satış obyektləri üçün əlavə problemlər yaradır. Belə ki, bəzi supermarketlər və restoranlar kassa aparatlarını, digər sistemləri yeniləri ilə əvəz etmək üçün bir müddət obyektləri bağlamağa məcbur olacaqlar.

Bəs iqtisadi qüdrəti ilə dünyanın aparıcı ölkələri sırasında kifayət qədər yüksək pillədə qərarlaşan Yaponiya kimi dövlətin istehlak vergisini artırmasının səbəbi nədir? Hökumətin bununla bağlı gətirdiyi əsaslar içərisində əhalinin sürətlə qocalması ilə əlaqədar sosial xərclərin çoxalması və dövlət borcunun həcminin artması göstərilir. Bunu əsas gətirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Yaponiyaya maliyyə sabitliyinin qorunması və dövlət borcunun azaldılması üçün istehlak vergisinin dərəcəsini artırmağı məsləhət görüb. Təşkilatın hesabatında qeyd edilir ki, Yaponiyada yetərli büdcə profisitinə yalnız istehlak vergisinin artırılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün həmin verginin dərəcəsini 20-26 faizə çatdırmaq lazımdır. Yeri gəlmişkən qeyd edək ki, bu, OECD üzrə 19 faizlik orta göstəricidən yuxarıdır.

OECD-nin ekspertləri hesab edirlər ki, Yaponiya işçi qüvvəsinin çatışmaması və vətəndaşların sürətlə qocalması səbəbindən böyük problemlərlə qarşılaşır. Ona görə də dövlət xəzinəsinə daxilolmaların sabitliyini əsas etibarilə yığımların səviyyəsini artırmaqla saxlamaq mümkündür. Bununla belə, hazırda Yaponiyada istehlak vergisinin dərəcəsi OECD-yə üzv ölkələr arasında ən aşağıdır, dövlət borcunun (təqribən 10 trilyon dollar) səviyyəsi isə ümumi daxili məhsuldan əhəmiyyətli dərəcədə yüksəkdir. Digər tərəfdən, təşkilat Yaponiyanın əcnəbi işçilərin işə qəbulunun artırılması ilə əlaqədar qərarını da yüksək qiymətləndirib. Bununla əlaqədar qəbul edilmiş qanuna görə, Yaponiya yaxın 5 ildə əsasən Şərqi Asiyanın qonşuluqda yerləşən ölkələrindən ümumilikdə 345 min əcnəbi işçi qəbul etməyi planlaşdırır.

Hökumət tərəfindən atılan addımlara baxmayaraq, mütəxəssislərin qənaətinə görə, oktyabrın 1-dən istehlak vergisinin artırılması ölkədə işgüzar əhval-ruhiyyəyə mənfi təsir göstərəcək. Bu addım həm istehsal, həm də qeyri-istehsal sahələrində zəifləməyə səbəb olacaq. Bu zaman onlar buna səbəb kimi, bir tərəfdən, ABŞ ilə Çin arasında ticarət müharibəsini, digər tərəfdən isə istehlak vergisinin artırılmasını göstərirlər.

Yaponiya Bankının rüblük sorğusuna cavab verən fərdi sektorun 10 min müəssisəsinin analitiklərinin proqnozları da ümidverici deyil. Bütün analitiklər böyük istehsalçılar üçün aparıcı Tankan indeksinin düşəcəyini bildirirlər. İyunda qeydə alınan 7 bal müsbətlə müqayisədə, proqnozların mənfi 2 ballıq göstəricidən müsbət 4 baladək dəyişiləcəyi ehtimal olunur. Bu zaman müsbət proqnoz iqtisadi əhval-ruhiyyədə optimizmin göstəricisidir.

Göründüyü kimi, Yaponiyada istehlak vergisinin artırılması yalnız istehlakçılara deyil, eyni zamanda pərakəndə satış, otellər və restoranlar daxil olmaqla, xidmətlər sferasında işgüzar əhval-ruhiyyəyə də mənfi təsir göstərəcək.