Tələbələr arasında "Nağdsız cəmiyyətə doğru" mövzusunda müsabiqə elan edilib

2019.09.30 11:18 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyası (ABA) "Bank Respublika" ilə birgə tələbələr arasında "Nağdsız cəmiyyətə doğru" mövzusunda "Ən yaxşı məqalə" və "Ən yaxşı videoçarx" olmaqla iki nominasiya üzrə müsabiqə elan edib. ABA-dan bildirilib ki, məqsəd əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsidir.

Müsabiqə 5 istiqaməti əhatə etməlidir: nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri; nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır; nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar; nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi; nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti.

Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə noyabrın 6-7-də keçiriləcək. Qaliblər "Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru" adlı IV Beynəlxalq Bankçılıq Forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaqlar.