Yaponiya ilə ABŞ ticarət sazişi imzalayıb

2019.09.28 13:58 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp ilə Yaponiyanın Baş naziri Abe Şinzo arasında Nyu-Yorkda imzalanmış sazişə əsasən, bu iki ölkə ABŞ-ın ixrac etdiyi bəzi kənd təsərrüfatı və qida məhsulları üçün tətbiq olunan gömrük vergilərinin dərəcəsini azaltmağı qəbul edib. Saziş çərçivəsində ABŞ-ın ixrac etdiyi ət, pendir, buğda, qarğıdalı və şərab kimi ərzaq məhsulları üçün tətbiq olunan gömrük vergilərinin minimum səviyyəyə endirilməsi qərara alınıb. Rəsmi Tokio sazişə görə ABŞ-dan idxal edilən ət məhsullarına tətbiq etdiyi 38,5 faizlik gömrük vergisinin dərəcəsini əvvəlcə 26,6 faizə, sonradan da mərhələli şəkildə 9 faizə endirməyi öhdəsinə götürüb. Bunun qarşılığı olaraq ABŞ dövləti də Yaponiyadan idxal edilən avtomobillər üçün gömrük vergisini 2,5 faizə endirməyi qəbul edib. Digər motorlu nəqliyyat vasitələri və yedək hissələri üçün hazırda mövcud olan gömrük tariflərinin isə davam etdirilməsi qərara alınıb.

Saziş hər iki tərəfin parlamentləri tərəfindən qəbul edildikdən sonra 2020-ci ilin 1 yanvarından qüvvəyə minəcək. Qeyd edək ki, ABŞ-ın 2018-ci ildə 2,5 trilyon dollar həcmində ümumi illik ixracatının 133 milyard dollarını kənd təsərrüfatı və ərzaq məhsulları təşkil etmişdi. Yaponiya isə il əzrində ixrac etdiyi 100 milyard dollardan artıq həcmdə avtomobilin təxminən üçdə birini ABŞ-a göndərmişdi.