Azərbaycanda aqrosənaye parkının yaradılması istiqamətində ciddi işlər aparılır

2019.09.27 16:34 (UTC+04:00)

Azərbaycanda aqrosənaye parkının yaradılması ilə bağlı ciddi dəyərləndirmə işləri, potensial iştirakçılarla görüşlər və müzakirələr aparılır. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Çin şirkətləri tərəfindən bu işə ciddi maraq göstərilir: "Bununla əlaqədar məsələlər həm Çində, həm də Azərbaycanda son zamanlar keçirilən ikitərəfli görüşlərdə müzakirə olunub. Artıq bu işin dəyərləndirilməsi, konkret istiqamətlərin müəyyən olunması, fəaliyyət profili və digər məsələlərlə bağlı genişmiqyaslı işlər görülməkdədir. Düşünürəm ki, yaxın zamanlarda biz məlumatları əldə etdikcə, konkret nəticələr hasil olunduqca, ictimaiyyəti məlumatlandıracağıq".

Nazir müavininin sözlərinə görə, bu layihəyə 100 milyon dollarlarla investisiyaların yatırılması gözlənilir.