Hindistanda korporativ verginin dərəcəsi aşağı salınıb

2019.09.27 13:49 (UTC+04:00)

Hindisatanın Baş naziri Narendra Modi hökumətin yerli şirkətlər üçün korporativ verginin dərəcəsini aşağı salmasına müsbət qiymət verib. Onun sözlərinə görə, görülən tədbirlər 1,3 milyard hindistanlının həyatına müsbət təsir göstərəcək. Qeyd edilib ki, bu cür addımların atılması iqtisadi artıma şərait yaratmaqla yanaşı, həm də "Hindistanda istehsal et!" təşəbbüsünün həyata keçirilməsi üçün böyük stimul verir. "Korporativ verginin dərəcəsinin aşağı salınması tarixi addımdır. Bununla dünyanın hər yerindən ölkəyə əlavə investisiyalar cəlb ediləcək, özəl biznesin rəqabət qabiliyyəti yüksəldiləcək". Baş nazir "Twitter" hesabından paylaşdığı bəyanatda vurğulayıb ki, hökumət biznes aparmaq üçün əlverişli mühitin inkişafı naminə bütün tədbirləri görür. Bu, ölkə rəhbərliyinin iqtisadiyyatı 5 trilyon dollara çatdırmaq barədə qarşıya qoyduğu qlobal məqsədə çatmağa zəmin yaradacaq.