Azərbaycan xaricdə daha 5 ticarət və 2 şərab evi açacaq

2019.09.27 12:50 (UTC+04:00)

Bu ilin sonunadək Qazaxıstanda, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada və Çində Azərbaycanın daha 5 ticarət və 2 şərab evinin açılması nəzərdə tutulur. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") rəhbəri Yusif Abdullayev deyib. Onun sözlərinə görə, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın stimullaşdırılması tədbirləri davam etdirilir: "Yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə cari ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Azərbaycan Ticarət evi" fəaliyyətə başlayıb. Bu ticarət evi Azərbaycan məhsullarının Körfəz ölkələrində təşviqi və satışının təşkilində əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, Azərbaycan şərab və digər spirtli içki məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və Rusiya bazarına satışının artırılması məqsədilə bu ilin iyul ayında Rusiyanın Yekaterinburq şəhərində şərab evi açılıb".

Şərab evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər və s. təqdim edilir.