Cənubi Koreya yarımillik vergi gəlirlərini açıqlayıb

2019.09.26 19:03 (UTC+04:00)

Strategiya və Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, 2019-cu ilin yanvar-iyul ayları üzrə ölkə xəzinəsinə 189,4 trilyon von (təxminən 159 milyard ABŞ dolları) vəsait daxil olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 800 milyard von (671,6 milyon dollar) azdır. Vergi daxilolmalarında baş verən azalmanın səbəbi regional istehlak vergisinin 11 faizdən 15 faizə artırılması fonunda əlavə dəyər vergisinin yığımının azalması ilə izah edilir.

Könüllü vergi yığımı göstəricisi də 6,7 faiz azalaraq 64,2 faizə düşüb. Yeddi ay ərzində vergi daxilolmalarından əlavə, gəlirlər də 1,3 trilyon von (1,1 milyard dollar) azalıb və 15,5 trilyon von (13 milyard dollar) olub. Bunun əksinə, ümumi xərclər 35,5 trilyon von (29,8 milyard dollar) artaraq 318,2 trilyon von (267,14 milyard dollar), büdcə kəsiri isə 24,4 trilyon von (20,4 milyard dollar) olub. 2019-cu ilin iyul ayının sonuna Cənubi Koreyanın mərkəzi hökumətinin borcu 692,2 trilyon von (581,13 milyard dollar) olub ki, bu göstərici əvvəlki ayla müqayisədə 5,4 trilyon von (4,53 milyard dollar) artıqdır.