Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub

2019.09.25 17:40 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər də məhz bu amildən qaynaqlanır.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Qeyd edilib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu" stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar "Koroğlu" HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

Dövlətimizin başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.