Bakıda "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər" mövzusunda ekonoton keçirilib

2019.09.25 16:36 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər" mövzusunda ekonoton keçirilib. Tədbirdə Azərbaycan Beynəlxalq Bankının, ölkəmizdə fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri, eləcə də aparıcı startapların təmsilçiləri iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, belə bir ekonotonun təşkilində əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və dəyərləndirilməsi, ölkəmizdə startap ekosisteminin inkişafı üçün yeni təkliflərin formalaşdırılmasıdır: "Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı, biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirilir. İnformasiya və rabitə xidmətləri bu ilin ilk 8 ayında 17,6 faiz artaraq 1,4 milyard manata çatıb. Çünki Azərbaycanın innovativ şirkətləri öz məhsullarını və ximətlərini ixraca yönəldir. Bununla yanaşı, startapların dünya çapına çıxması üçün mentorluq, prototip məhsulların hazırlanması, kraudfandinq, kraudinvestinq, mələk investor, toxum investor, vençur kapitala çıxışın təmin edilməsi sahəsində fəaliyyətlərin əlaqələndirilməsi zərurəti var. EnterpriseAzerbaijan.com portalı özünün kickstarter platforması ilə bu sahədə fəaliyyət göstərir. Təkcə 2016-2018-ci illərdə dünyada startaplar 2,8 trilyon dollar dəyər yaradıb. 4-cü Sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan böyük potensiala malikdir".

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin, eləcə də startap ekosisteminin formalaşdırılması istiqamətində atılan addımların bank üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Düşünürük ki, Azərbaycan Beynəlxalq Bankının Mərkəzlə əməkdaşlıq əlaqələrinin inkişafı xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işlərinin aparılması baxımından faydalı olacaq. Bu əməkdaşlıq bizə Azexport portalının imkanlarından istifadə edənlər üçün bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək".

Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov "Kickstarter: Azərbaycan startaplarının dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkanları" mövzusunda təqdimat edib. O bildirib ki, Azexportun Alibaba və digər beynəlxalq portallarla qurduğu iş modelinin uğurunu nəzərə alaraq, həmin modeldən digər istiqamətlərdə, o cümlədən startap layihələrinin beynəlxalq bazarlara çıxarılması üçün istifadə etmək qərarına gəliblər: "Ancaq beynəlxalq səviyyədə qəbul edilən və tanınan layihələr inkişaf edə və uğur qazana bilər. Kickstarter hesabımızı təmənnasız bölüşməyə hazırıq. Bununla bağlı müsabiqə elan ediləcək, müsabiqənin qaliblərinə layihəsini Kickstarter-ə uyğun hazırlamaq üçün qrantlar təqdim ediləcək və nəhayət, Kickstarter-də hədəf məbləğin 50 faizini toplayan startapçıya investisiyanın digər 50 faizi miqdarında dəstək təşkil ediləcək. Bununla da startapçıların məqsədə gedən yolu sadələşəcək".

Təqdimatın ardınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası və s. məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.