Son 10 ildə "Petkim" 8 mlrd. dollardan çox gəlir əldə edib

2019.09.25 18:33 (UTC+04:00)

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksi son on ildə 47,2 mlrd. Türk lirası (8,2 mlrd. ABŞ dollarına yaxın) gəlir əldə edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu barədə SOCAR-ın rəhbəri Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində neft-kimya kompleksinin xalis mənfəəti 4 mlrd. lirəni (694 mln. dollara yaxın) ötüb: "Fəaliyyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir".

Qeyd edək ki, "Petkim" neft-kimya kompleksi hazırda istehsal etdiyi məhsulu 78 ölkəyə ixrac edir. Müəssisədə istehsal olunan 60 fərqli məhsul Türkiyənin neft-kimya tələbatının təxminən 20%-ni ödəyir.

Ötən il "Petkim"in xalis mənfəəti 872 mln. lirə (təxminən 151,1 mln. dollar) təşkil edib. 2018-ci ildə "Petkim Holding A.Ş"ın dövriyyəsi 9,3 mlrd. lirə olub (təxminən 1,612 mlrd. dollar), aktivləri isə 62 faiz artaraq 12,6 mlrd. lirəyə (təxminən 2,183 mlrd. dollar) çatıb. Bundan başqa, ötən il "Petkim"in məhsul satışı 1,8 mln. ton təşkil edib ki, məhsulun 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixraca yönəldilib.

Xatırladaq ki, SOCAR "Petkim Holding"də 51% paya malikdir.