Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsinin qadağan olduğu qeyd edilib. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəalar barədə iştirakçılara geniş məlumatlar verilib.
Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib.