Nyu-Yorkda ikinci Xəzər Biznes Forumu keçirilib

2019.09.25 10:58 (UTC+04:00)

ABŞ və Trans-Xəzər dəhlizi ölkələri arasındakı strateji tərəfdaşlığa söykənən Nyu-York Xəzər Biznes Forumu Amerika və Xəzər regionu ölkələrinin biznes dairələri üçün geniş imkanlar yaradan aparıcı platformanı təşkil edir. İki panel iclasdan ibarət olan biznes forumu Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti açıb. Tədbirin əhəmiyyətindən danışan icraçı direktor qeyd edib ki, biznes liderlərini, xarici siyasət ekspertlərini, ABŞ və Xəzər regionu ölkələrinin dövlət rəsmilərini bir araya gətirən Xəzər Biznes Forumu onlara növbəti dəfə yeni istiqamətlər araşdırmaq və yeni investisiya imkanları yaratmaq üçün imkan verir.

Forumda 100-dən çox şirkətin iştirak etdiyini bildirən Əfqan Nifti, öz növbəsində, bütün iştirakçı ölkə səfirliklərinə, tərəfdaşlara və sponsorlara təşəkkürünü bildirib. Dövlət katibi Mayk Pompeonun əvəzinə foruma qatılan onun Qafqaz və Şərqi Avropa ölkələri üzrə müavini Corc Kent çıxışı zamanı Xəzər regionunun ABŞ üçün vacibliyini vurğulayıb. O, həmin ölkələrin müstəqilliklərinin və xarici qüvvələrin təsirindən uzaq olmalarının Amerika üçün önəmli olduğunu qeyd edib. Eyni zamanda, Corc Kent Trans-Xəzər qaz kəmərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, onun bölgə ölkələrinin marağına xidmət etdiyini vurğulayıb. ABŞ rəsmisi İtaliya tərəfinin ən qısa zamanda işləri tamamlamasına və Cənub Qaz Dəhlizinin gələn il istifadəyə verilməsinə böyük ümid bəslədiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə ABŞ arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından danışıb. İki ölkə arasındakı ticarət əlaqələrinin sürətlə genişləndiyini bildirən nazir ABŞ-ın Azərbaycana 10 milyard dollarlıq investisiya yatırdığını vurğulayıb.

Elmar Məmmədyarov çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinin ABŞ və Avropa tərəfindən çox böyük dəstək gördüyünü bildirib. Nazir bu layihənin İtaliya seqmenti başa çatdıqdan sonra gələn il istifadəyə veriləcəyini qeyd edib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov da çıxışında Cənub Qaz Dəhlizi layihəsinə toxunub. O bildirib ki, İtaliya hissəsi hazır olan kimi Azərbaycan Avropa ölkələrinə enerji mənbəyinin ötürülməsinə hər zaman hazırdır. Vitse-prezident Azərbaycanın neft şirkətlərinin ətraf mühitin və suların təmizlənməsi və təmiz saxlanılması üçün vacib addımlar atdığını da qeyd edib.

Bu il ikinci dəfə keçirilən Xəzər Biznes Forumunda ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyası, Avropa İnkişaf və Yenidənqurma Bankı, və John Deere kimi 100-dən çox şirkətin iştirak etməsi tədbirin miqyasının ildən-ilə genişləndiyini göstərir.

Xəzər Siyasət Mərkəzinin foruma özəl sektorda rəhbər şəxsləri və digər yüksək vəzifəli nümayəndələri, Xəzər regionu ölkələrinin hökumət üzvlərini dəvət etməkdə məqsədi biznes, investisiya, maliyyələşdirmə imkanlarını, tərəfdaşlar qarşısında duran vəzifələri müzakirə etmək olub.