İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 24-də Pirallahı rayonunda keçirdiyi işgüzar forumda Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kreditlər əkinçilik, quru süd istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması və sair sahələrə yönəldiləcək, 60-dan çox iş yerinin açılması imkanı yaradacaq.
Sahibkarlığın maarifləndirilməsinə və güzəştli kreditləşdirilməsinə dair forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən S.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı qəsəbə və kəndlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Nazir müavini sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.
İşgüzar forumda Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tekstil, çörək və şirniyyat istehsalı müəssisələrinin, logistik mərkəzin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.