Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2.714,089 milyon ABŞ dolları məbləğində ticarət dövriyyəsi həyata keçirilib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1 faiz çoxdur. Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85 faizinə bərabər olub.
8 ay ərzində Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1.739,092 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 655,734 milyon dollar və yaxud 60,5 faiz çoxdur. Bu müddətdə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 974,996 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,541 milyon dollar və yaxud 2,75 faiz azdır.
Azərbaycanın qardaş ölkəyə ixracı ümumi ixracın 12,9 faizinə, idxalı isə ümumi idxalın 10,4 faizinə bərabər olub.