TAP kəmərinin ötürmə qabiliyyəti cəmi iki kompressor stansiyası tikilməklə iki dəfə artırıla bilər

2019.09.24 17:37 (UTC+04:00)

Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyəti cəmi iki kompressor stansiyası tikilməklə iki dəfə (10 mlrd. kub metrdən 20 mlrd. kubmetrədək) artırıla bilər. "APA-Economics"in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şiyeppati (Luca Schieppati) bildirib. Onun sözlərinə görə, TAP-ın ötürmə qabiliyyətini ikiqat artırmaq perspektivləri ilə bağlı "market-test" (bazar sınaqları) aparılıb və bazar artıq qaz kəmərinin imkanlarından xəbərdardır: "Texniki cəhətdən heç bir problem yoxdur. Yunanıstan və Albaniyada cəmi iki kompressor stansiyası lazımdır, amma borular eyni qalacaq".

Qeyd edək ki, hesablamalara görə, kəmərin gücünü 10 mlrd. kubmetrdən 20 mlrd. kubmetrədək artırmaq üçün 1.035 mln. avro tələb olunacaq.