Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə sentyabrın 23-dən Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzində də "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bu barədə Lent.az -a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib. Bildirilib ki, paralel olaraq Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət" mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, "Güzəştli mənzil" elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.
Bununla yanaşı, "ASAN xidmət"in "Çağrı" mərkəzi, habelə MİDA-nın "Facebook", "Instagram" və "YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar "ASAN xidmət" mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan ödənişsiz "108" nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.