TAP layihəsi üzrə işlərin 90 faizi icra olunub

2019.09.24 15:31 (UTC+04:00)

Bu ilin sonunadək Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstana çatdırılacaq. "APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şiyeppati (Luca Schieppati) bildirib. Onun sözlərinə görə, TAP-ın Yunanıstan hissəsi artıq bu ilin noyabr ayında qazla doldurulacaq və burada sınaq işləri aparılacaq. Bundan sonra, artıq 2020-ci ilin əvvəllərində, Azərbaycan qazı Albaniya ərazisinə daxil olacaq. Azərbaycan qazı TAP ilə İtaliyaya 2020-ci ilin IV rübündə çatdırılacaq.

Xatırladaq ki, TAP-in inşasına başlanılandan bəri işlərin 89,3 faizi yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.