Fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ofislərinə təqdim edə bilərlər. Komitədən bildirilib ki, qeydiyyata alınma ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir. Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.
Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidir.
Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.
Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 2009-cu il 31 iyul tarixli Qərarı ilə müəyyən edilib.