"Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir"

2019.09.24 12:30 (UTC+04:00)

Bu gün Bakıda Sosial Tədqiqatlar Mərkəzinin "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" mövzusunda konfrans və "stm.az" saytının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, hazırda uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, ictimai münasibətlərin inkişaf tendensiyalarının, dəyişiklikləri doğuran amillərin müəyyən edilməsindən, optimal həll yollarının tapılmasından, dəyişikliklərə çevik reaksiya verilməsindən, düzgün proqnozlaşdırmadan, qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən edilməsindən asılıdır: "Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib".

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, zaman yerində dayanmır, yeniliklər gətirir: "Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalar, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir".