Rusiya və Belarus vergi sistemini birləşdirmək niyyətindədir

2019.09.24 13:59 (UTC+04:00)

"Kommersant" qəzetinin yazdığına görə, Rusiya Federasiyası ilə Belarus Respublikası 2021-ci ildə vahid Vergi Məcəlləsinə keçməyi, enerji bazarında vahid tənzimləyici orqan yaratmağı, gömrük siyasətini birləşdirməyi, eləcə də bank və valyuta nəzarətini bir araya gətirməyi planlaşdırır. Bu müddəalar ikitərəfli fəaliyyət proqramında qeyd edilib və hər iki tərəfin baş nazirləri tərəfindən əsasən razılaşdırılıb. Qəzetin şərhində bildirilir ki, burada söhbət Avropa İttifaqı səviyyəsində iqtisadi inteqrasiyadan gedir. Planların böyük əksəriyyəti 2019-cu ilin noyabrından tərəflərin "yol xəritələri" çərçivəsində iqtisadiyyatın inteqrasiya edilməsini, 2020-ci ilə qədər qanunvericiliyin bir araya gətirilməsini nəzərdə tutur. Rusiyanın Mərkəzi Bankı və Belarusun Milli Bankı da 2021-ci ildən bank və maliyyə nəzarəti üzrə vahid prinsiplər barədə dövlətlərarası saziş çərçivəsində işləyəcək, hər iki ölkənin İqtisadiyyat nazirliyi isə 2019-cu il noyabr ayının 1-dək sahələrin tənzimlənməsini birləşdirən "yol xəritəsi" üzərində işi tamamlayacaq.