Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?

2019.09.24 12:22 (UTC+04:00)

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflərin əqd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirdiyi, yaxud müvafiq məbləğləri qeyd-şərtsiz ödədiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əməkhaqqı və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı, istehsal prosesi ilə bağlı olmayan xərclər (inzibati və satış xərcləri) məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qeyd: Belə məqamlarda Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinə istinad edilir.