Sentyabrın 23-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahat və əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanması mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iyulun 1-dən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8 milyard 57,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8 milyard 580 milyon manata çatıb: "Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artıb. Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artıb, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalıb. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda, qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır".