"Rəqəmsal təqvim" elektron sistemi istifadəyə verilib
2019.09.20 15:52 (UTC+04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azranking.az portalının yeni "Rəqəmsal təqvim" elektron sisteminin təqdimatı keçirilib. Sistem Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, bu sahədə əlçatanlılıq və şəffaflığın artırılması, eləcə də ictimaiyyət və biznes nümayəndələri qarşısında hesabatlılığın yaxşılaşdırılması məqsədilə yaradılıb.
"Rəqəmsal təqvim" elektron sisteminin aşağıdakı imkanları vardır:
- işçi qrupların iclas və görüşlərinin əvvəlcədən planlaşdırılması və elektron qaydada elan olunması;
- iclasların optimallaşdırılması və səmərəliliyinin təmin olunması (ayda bir dəfədən az olmamaqla);
- iclas və görüşlərdə müzakirə üçün təklif və layihələrin üçüncü şəxslər tərəfindən elektron qaydada göndərilməsi;
- ictimai iştirakçılığın rəqəmsal və interaktiv formada təmin olunması;
- vətəndaş və biznes nümayəndələri məmnunluğunun artırılması;
- biznes nümayəndələri ilə rəqəmsal kommunikasiyanın qurulması.