Çinin Ticarət Nazirliyinin açıqlamasında ticarət məsələlərinə dair ABŞ hökuməti ilə aparılan müzakirələrin qarşılıqlı narahatlıqların aradan qaldırılması üçün zəmin yaratdığı vurğulanıb. Nazirliyin məlumatına əsasən, yanvarın 7-dən 9-dək Pekində nazir müavinləri səviyyəsində təşkil edilmiş müzakirələr zamanı hər iki tərəfin Çinin dövlət başçısı Şi Cinpinq və ABŞ Prezidenti Donald Tramp tərəfindən əldə olunmuş "önəmli fikir birliklərinə" fəal şəkildə əməl etdiyi bildirilib, ikitərəfli ticarət və ortaq narahatlıq yaradan məsələlər barədə əhatəli, dərin və təfərrüatlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Şi Cinpinq keçən ilin sonunda G20 ölkələrinin Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçirilmiş dövlət başçılarının zirvə toplantısı çərçivəsində görüşərkən ölkələri arasında davam edən "ticarət müharibəsi"nin böyüməsinin qarşısını alacaq 90 günlük "atəşkəsə" əməl etmək barədə razılığa gəlmişdilər. ABŞ rəhbərliyinin 200 milyard dollarlıq Çin məhsuluna tətbiq etdiyi gömrük vergisinin dərəcəsini 1 yanvar 2019-cu il tarixindən 10 faizdən 25 faizə qaldırmaq qərarını təxirə salmasına şərait yaradan bu "atəşkəs" tərəflərin bir-birlərinə qarşı yeni gömrük vergiləri tətbiq etməsinin də qarşını alıb. Çin hökuməti həmin razılaşmadan sonra ABŞ-dan idxal olunan avtomobillərə və onların ehtiyat hissələrinə tətbiq edilən vergiləri azaltdığını bildirmişdi.