Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

2019.09.17 17:40 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1.312,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faizlik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,5 faiz artaraq 220 mln. manat təşkil edib.

Ötən 8 ay ərzində Azərbaycanda 16.403,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 5,7 faiz çoxdur.

Bunun 1.188,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 10,3 faiz azdır.

Bunun 14.530,8 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 7,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda 78,2 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə çoxdur. Yanvar-avqust aylarında ölkədə 29,8 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 8 faiz çoxdur.