İdxal olunmayan mal və xidmətlərə görə cərimələr

2019.09.17 15:30 (UTC+04:00)

Mərkəzi Bankın 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na əsasən, alınan mallara görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Mövzu ilə bağlı qanunvericiliyin tələblərini izah edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, həm alğı-satqı müqaviləsində, həm də gömrük bəyannamələrində avans ödənişlər barədə mütləq qeydlər olmalıdır.

Göstərilən müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

Misal: "A" MMC 5 iyun 2019-cu ildə malların ölkəyə idxalı ilə bağlı xarici kontragentə 20.000 dollar məbləğində avans ödəyib. Amma 270 gün keçməsinə baxmayaraq, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməyib. Həmin müddət ərzində mallar idxal olunmur və ya xidmətlər göstərilmir. Bu zaman "A" MMC avans məbləği geri qaytarmazsa, ona Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə sanksiyası tətbiq olunur. Palata İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas tutaraq, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal olunmadıqda, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxsləri inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə etmək hüququna malikdir.

Xatırladaq ki, əvvələr malların idxalı ilə bağlı müddət 180 gün idi. 26 fevral 2018-ci il tarixdə qaydalara edilən dəyişiklikdən sonra müddət 180 gündən 270 günə qədər uzadılıb.