"Kölgə iqtisadiyyatı"nı azaltmaq üçün ən vacib amil inkişafdır

2019.09.17 13:59 (UTC+04:00)

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən İohann Kepler adına Avstriya Universitetinin iqtisadiyyat professoru Fridrix Şnayder tədbir iştirakçılarına "kölgə iqtisadiyyatı"nın səviyyəsi və onunla mübarizə üsulları ilə bağlı ölkələr üzrə araşdırmaların nəticələrini çatdırıb. Bildirib ki, dünyanın 158 ölkəsində, həmçinin Azərbaycanda "kölgə iqtisadiyyatı"nın nəticələri əhali arasında müntəzəm sorğuların aparılması zamanı bəlli olub: "İnsanlar öz gəlirlərini rəsmi mənbələrdən gizlədirlər. Vergitutma məsələlərində maksimal və minimal əməkhaqqı məsələləri önəmli yer tutur. Bu da qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlıdır. Burada vergidən yayınma hallarının artması, vergi bəyannamələrində maaşların aşağı səviyyədə yazılması halları vardır ki, ölkədə bunlara qarşı mübarizə aparılır.

Qaçaqmalçılıq fəaliyyəti də ölkədən-ölkəyə fərqlidir. Bu sahələr müəyyən edilməlidir. Bir şeyi diqqətiniziə çatdırım ki, vergi yükü nə qədər çox olarsa, yayınma halları da o qədər çox olacaq. Rəsmi ümumi daxili məhsulun (ÜDM) az olması və rəsmi iş yerlərinin göstərilməməsi də az rol oynamır. Biz araşdırmalarda vergi yükünü, qanunvericiliyi, işsizliyi, fərdi sahibkarlıqla bağlı bütün məsələləri əhatə etməyə çalışmışıq".

F.Şnayder bildirib ki, valyuta tələbat yanaşmasıdır. "Kölgə iqtisadiyyatı"na müəyyən məbləğdə qoyulan vəsaiti müəyyənləşdirmək çətindir. Əgər qanunvericilikdə boşluqlar varsa, vergidən yayınmaq üçün hansısa şərait yaranıbsa, bu iş çətinləşir.

"Kölgə iqtisadiyyatı"nın qarşısını almaq üçün inkişaf lazımdır. Burada əsas məsələ ÜDM-in artırılmasıdır. Məsələn, Latın Amerikası və Afrika ölkələrində 1991-ci ildən 2015-ci ilə qədər keçən zaman ərzində "kölgə iqtisadiyyatı"nda azalma müşahidə olunur. Sizə qonşu Gürcüstanda isə "kölgə iqtisadiyyatı"çox yüksək həddədir".

Professor "kölgə iqtisadiyyatı" ilə mübarizədə bərabər keyfiyyətli, demokratik və şəffaf institutların olmasının, vergi yükünün, korrupsiya və bürokratiyanın azaldılmasının vacib olduğunu bildirərək deyib: "Burada söhbət iqtisadi fəaliyyətlərin inzibati yükünün azaldılmasından gedir. Qanun "kölgə iqtisadiyyatı"nı leqallaşdırıb, ölkənin iqtisadiyyatını rəsmiləşdirməklə bu mübarizədə qalib gələr bilər. İşsizlik səviyyəsinin azaldılması "kölgə iqtisadiyyatı"nı məhv edən əsas amillərdəndir. Bu işin dövlət qurumları tərəfindən həyata keçirilməsi təqdirəlayiq addımdır. İnzibati prosedurların sadələşdirilməsi, lisenziyaların verilməsi, eləcə də nağd hesablaşmaların azaldılması də bu işdə böyük rol oynayır".

F.Şnayder əlavə edib ki, regiondakı beş qonşu ölkə arasında "kölgə iqtisadiyyatı"nın ən aşağı səviyyəsi İranda (18,71 faiz), ən yüksək səviyyəsi isə Gürcüstanda (59,65 faiz) qeydə alınıb.

Qeyd edilib ki, "çirkli pullar"ın ümumi axınında Avstriya müstəsna rol oynayır və "Şərq mafiyası" deyilən cinayətkar qruplaşma qanunsuz maliyyə əməliyyatları aparmaq üçün bu ölkədən aralıq məntəqə kimi istifadə edirlər. Avstriyada bu maliyyə əməliyyatlarının həcmi son 10 ildə on dəfədən çox artaraq üst-üstə 843 milyon avroya çatıb. Professor Şnayder bildirib ki, Avstriyanın ən yaxın qonşuları Almaniya, Lixtenşteyn və İsveçrə "çirkli pullar"ın "yuyulması"nda daha böyük problemlə üzləşirlər. Məsələn, keçən il cinayət yolu ilə əldə edilmiş təxminən 7,2 milyard avro pul Almaniya üzərindən ötürülüb...