Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi "Bir millət, iki dövlət" prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Hər iki ölkədə prezident seçkilərindən sonra dövlət başçısı səviyyəsində ilk səfərlərin qarşılıqlı olaraq həyata keçirilməsi ənənəsi onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlər və qardaş dövlətlərdir. Bu gün keçirilən tədbirdə Türkiyənin Vitse-prezidentinin iştirakı bu əməkdaşlığa ən yüksək səviyyədə verilən dəstəyin göstəricisidir.
Nazir iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının səmərəli platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Komissiyanın Bakıda keçirilmiş 8-ci iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin inkişafına, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan ilə Türkiyə ölkələrimiz və dünya üçün böyük əhəmiyyət kəsb edən strateji layihələri birgə həyata keçirir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, "Star", "Petkim", Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələr xüsusilə qeyd edilməlidir. Bu layihələr və təşəbbüslər regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir.
İqtisadiyyat naziri ikitərəfli əməkdaşlıqda iqtisadi-ticarətin əhəmiyyətli yerini və Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, görülmüş işlər nəticəsində bu sahədə artımın davamlı xarakterini diqqətə çatdırıb. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28 faiz artaraq 3,4 milyard dollar təşkil edib, artım tendensiyasının davam etdiyi bu ilin ilk 7 ayında isə bu göstərici keçən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 2,3 milyard dollara çatıb. Bununla belə, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi əsas hədəfimizdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcək: "Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdədir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 milyard dollar olan 300-dək layihədə podratçı qismində iştirak etməklə, bu sahədə də liderlik edirlər. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 12,2 milyard dollar sərmayə yatırıb. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyanlar arasında qardaş ölkə birinci yerdədir. Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir və ölkəmizin Türkiyə iqtisadiyyatına investisiyaları 15,1 milyard dollar təşkil edir".
Diqqətə çatdırılıb ki, biznes forumların, ticarət missiyalarının, sərgilərin təşkili, eləcə də AZPROMO və KOBİA ilə Türkiyənin DEİK, KOSGEB və digər aidiyyəti qurumları arasında əməkdaşlıq ticarət dövriyyəsinin və qarşılıqlı investisiya qoyuluşunun daha da artırılmasına böyük töhfə verir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş və Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq bərpa olunmuş, su, qaz, elektrik, yol və digər infrastruktur yaradılmış Cocuq Mərcanlı kəndində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi ilə həyata keçirilən layihələr bu sahədəki əməkdaşlığa yaxşı nümunədir.
Ş.Mustafayev nəqliyyat-tranzit sahəsinin ikitərəfli münasibətlərdə böyük potensiala malik olan istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycan və Türkiyə əlverişli coğrafi mövqeyə malik olmaqla regionun mühüm nəqliyyat və logistika mərkəzlərinə çevrilib. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3000-dək konteyner, bu ilin 8 ayında isə 2500-dən çox konteyner daşınıb. Cari ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınıb ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur.
Turizm sahəsində əməkdaşlığı qeyd edən nazir sentyabrın 1-dən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsinin həm sahibkarlıq, həm də turizm sahələrində ciddi irəliləyişlərə gətirib çıxaracağını, bu addımın Azərbaycan Respublikası Prezidentinin qardaş Türkiyə Respublikası ilə əməkdaşlığa verdiyi önəmin və yüksək diqqətin göstəricisi olduğunu vurğulayıb.
Ş.Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazın ÜDM-ində Azərbaycanın payı 60 faizdən çoxdur. Coğrafi-iqtisadi mövqe, böyük tranzit potensialı, nəhəng regional layihələr və əlverişli biznes mühiti kimi amillər xarici investisiyaların Azərbaycana cəlb olunmasına töhfə verir. Müstəqillik illərində Azərbaycana yatırılmış investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da yarısı xarici sərmayələrdir. Bu, xarici investorların Azərbaycan iqtisadiyyatına olan inamının göstəricisidir.
Qeyd olunub ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.
Nazir iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət, investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb. O, hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə, müştərək müəssisələr yaratmağa dəvət edib.
Ş.Mustafayev, həmçinin bildirib ki, Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və bu kontekstdə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsullar təklif edilir.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay biznes forum iştirakçılarını salamlayaraq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, qardaş xalqlarımızı möhkəm mədəni-tarixi əlaqələrin birləşdirdiyini vurğulayıb. Vitse-prezident Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini qeyd edib: "Türkiyə və Azərbaycan arasında iqtisadi ticarət əməkdaşlığı uğurla inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində qlobal və regional əhəmiyyətli meqa layihələr reallaşdırılır".
F.Oktay bu gün rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini vurğulayıb, əməkdaşlığın genişlənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Türkiyənin Vitse-prezidenti, həmçinin bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib.
F.Oktay biznes forumun əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, ticarət, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialı vurğulayıb, biznes dairələrini daha fəal əməkdaşlığa, birgə investisiyaların yatırılmasına dəvət edib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərinə dair müzakirələr aparıblar.