Prezident İlham Əliyev yeni tədris kompleksinin açılışında iştirak edib

2019.09.16 18:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər.

Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə tanış olublar, müəllimlər və şagirdlərlə söhbət ediblər, onlara yeni tədris ilində uğurlar arzulayıblar.

Məlumat verilib ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dan çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcəklər.

Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir.

Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik ediblər.