Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 154,4 mln. ton yük daşınıb, bu isə 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artım deməkdir. "APA-Economics"ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşınmış yüklərin 2,6 faizi dəniz, 6,2 faizi dəmir yolu, 0,1 faizi hava, 65,7 faizi avtomobil nəqliyyatı, 25,4 faizi isə boru kəməri ilə daşınmışdır.
Məlumata əsasən, hesabat dövrü qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,3 faiz artıb və daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,6 faiz təşkil edib. Bundan başqa, 2019-cu ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1.303,8 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.