Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5.206,7 milyon manat təşkil edib ki, bunun da 2.557 milyon manatı heyvandarlıq, 2.649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son 1 ildə kənd təsərrüfatının istehsalı 6,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,1 faiz, bitkiçilik məhsulları istehsalı isə 9,2 faiz artıb.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsinin 1.031,5 min hektarı biçilib və həmin sahələrdən 3.229 min ton və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb. Bundan əlavə, məhsulu toplanmış 9,8 min hektar dən üçün qarğıdalı sahəsindən 57,5 min ton məhsul yığılıb.
Sentyabr ayının 1-nə kimi sahələrdən 1.283,8 min ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz çox tərəvəz, 703,8 min ton kartof (9,5 faiz çox), 427,9 min ton bostan məhsulları (14,9 faiz çox), 382,4 min ton meyvə və giləmeyvə (5,6 faiz çox), 56,5 min ton üzüm (49,4 faiz çox), 580,8 ton yaşıl çay yarpağı (16,4 faiz az), 31,4 min ton günəbaxan (48,7 faiz çox), 19,6 min ton şəkər çuğunduru (78,3 faiz az), 164,8 ton pambıq (5 faiz çox) və 3,5 min ton tütün (19,4 faiz çox) yığılıb.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 332,6 min ton, süd istehsalı 1,5 faiz artaraq 1.386 min ton, yumurta istehsalı 6,9 faiz artaraq 1.242,2 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,4 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal olunub.