Bu ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4,6 mlrd. ABŞ dolları təşkil edib. Bunun 2,9 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlər olub. Nəticədə xidmətlər balansında yaranan kəsir ötən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artaraq 1,2 mlrd. dollara çatıb. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə neft-qaz sektoru üzrə kəsir 893 mln. dollar (əsasən 510 mln. dollar tikinti xidmətləri və 475 mln. dollar digər işgüzar xidmətlər), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 351.3 mln. dollar olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 25,1 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1,2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 45,1 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 527,4 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 641,1 mln. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz azalıb, idxalı isə 3,6 faiz artıb. Nəticədə bu maddə üzrə 2018-ci ilin ilk yarısında olan 155,1 mln. dollarlıq kəsir 2019-cu ilin yanvar-iyun aylarında 32,8 faiz artaraq 206 mln. dollar təşkil edib.
Cari ilin ilk altı ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə azalaraq 1,5 mlrd. dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (777 mln. dollar) idxalı (747 mln. dollar) üstələməsi nəticəsində 30 mln. dollar həcmində profisit yaranıb (2019-cu ilin ilk yarısında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 6,6 faiz artıb).
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 89,1 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşüb. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalaraq 21,7 mln. dolar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz artaraq 445,6 mln. dollar olub.