Bu ilin ilk yarısı üzrə Azərbaycanda cari əməliyyatlar hesabında 3,1 mlrd. ABŞ dolları (ötən ilin müvafiq dövrünə nisbətən 13,1 faiz azalma) məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit illik müqayisədə 2,1 faiz və ya 132 mln. dollar azalaraq 6,2 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 11,9 faiz və ya 330 mln. dollar artaraq 3,1 mlrd. dollar məbləğində olub. Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtüb.
Cari əməliyyatlar balans ticarət və təkrar gəlirlər balansının profisitinin xidmətlər balansının və ilkin gəlirlər balansının kəsirini tam örtməsi hesabına formalaşıb.