“Google” Fransaya 965 milyon avro məbləğində vergi cəriməsi ödəyəcək

2019.09.14 11:29 (UTC+04:00)

Fransa mətbuatında yayılmış xəbərlərə görə, vergi ilə bağlı neçə ildən bəri davam edən mübahisələri həll etmək üçün “Google” Fransa hökuməti ilə razılığa gəlib və qarşılıqlı razılaşma əsasında şirkət Fransaya 965 milyon avro məbləğində cərimə ödəyəcək. Bu məbləğin 500 milyon avrosu vergidən yayınma ilə əlaqədar 2015-ci ildən bəri davam edən istintaqda Paris Maliyyə Məhkəməsi ilə əldə edilmiş razılaşma çərçivəsində ödəniləcək.

Fransa Milli Məclisi “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi internet nəhənglərinin ölkədə əldə etdikləri gəlirlərə görə vergiyə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini bu ilin iyul ayında təsdiqləmişdi. Qanuna görə, internet nəhəngləri Fransada əldə etdikləri gəlirin 3 faizi qədər vergi ödəməlidirilər.
Vergi illik dövriyyəsi dünya üzrə minimum 750 milyon avro, Fransa daxilində isə 25 milyon avro olan şirkətlərə tətbiq ediləcək.
Təxminən 30 şirkətdən tutulacaq vergidən Fransanın bu il 400 milyon, gələn il isə 650 milyon avro gəlir əldə edəcəyi gözlənilir.