“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, təhsil sistemi bilikdən başqa digər həyati keyfiyyərlərin də aşılanmasına çalışmalıdır: “Dövlət başçısı tərəfindən qəbul edilmiş “Təhsilin keyfiyyəti ilə bağlı dövlət strategiyası”nda müəyyən edilmiş vəzifələrə uyğun olaraq, ölkəmizin ali təhsil sistemində müasir tələblərə uyğunlaşdırılma istiqamətində ciddi islahatlar davam etdirilir, təhsildə yeni dəyərlər formalaşdırılır. Rəqəmsal iqtisadiyyat təhsilin qarşısına ciddi çağırışlar qoymaqla yeni yanaşmaları zəruri edir. Bütün dünya ölkələri kimi, Azərbaycan da rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar ümumdünya tendensiayalarının təsirinə məruz qalır. Bu gün inkişaf etmiş ölkələrin iqtisadi və sosial inkişaf modellərini dəyişən rəqəmsallaşmanın tətbiqi qarşımızda yeni vəzifələr qoyur. Rəqəmsallaşma yeni iqtisadi sahələrin əsasını təşkil etməklə həm də vacib sosial funksiyaları yerinə yetirir, əmək bazarını və təhsili köklü surətdə dəyişir. Dünyada gedən proseslər təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini qaçılmaz edir”.
Ə.Muradov qeyd edib ki, rəqəmsal iqtisadiyyata keçid əmək bazarına köklü şəkildə təzyiqlər göstərir: “Müasir dünyada rəqəmsal vərdişlər həlledici təməl kimi önə çıxır. Mütəxəssisə olan tələbin köklü transformasiyası baş verir. Rəqəmsal iqtisadiyyat təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsi ilə əlaqədar peşələrin həyat siklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artırılmasını şərtləndirir. Rəqəmsal iqtisadiyyatın təsiri ilə bağlı onu deyə bilərik ki, hesablamalara görə, 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq. Başqa bir təhlilə görə isə 2030-cu ilədək rəmsallaşma nəticəsində dünyada ümumi daxili məhsul 9 trilyon dollaradək arta bilər. Bütün bunlar təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyur”.
Bildirilib ki, bu gün əmək bazarında ən çox çatışmayan səriştələr - kommunikasiya və əməkdaşlıq, tənqidi və kreativ təfəkkür, özünüinkişafa və təhsilə, özünütənzimləmə vərdişlərinə orientasiyalar yeni ixtisaslar üzrə universitetlərin səlahiyyətinin və sərbəstliyinin artırılmasını tələb edir: “ 21-ci əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar həm istedadlı gənclər, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Qlobal təhsil məhsulları, kütləvi onlayn kurslar, eləcə də təhsilin keyfiyyətinin beynəlxalq müqayisəsi baxımından universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır ki, bu tendensiyadan kənarda qalan universitetlər, şübhəsiz, ən perspektivli alim və tələbələrin imeqrasiyası və özlərinin təhsil trendinin dəyərdən düşməsi ilə nəticələnəcək”.
Ə.Muradov qeyd edib ki, rəqəmsallaşma ali təhsildə zəif yerlərimizi güclü tərəflərə çevirmək üçün real imkanlar yarada bilər. Bunu nəzərə alaraq, Azərbaycan Dövlət İqtisad Universitetində il ərzində 20.000 tələbəyə distant təhsil verə biləcək və ən müasir texnologiyalarla təchiz edilmiş ekstern mərkəz yaradılıb.