Dövlət satınalmaları sahəsində islahatlara dair müzakirələr aparılıb

2019.09.13 18:27 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən “Əmtəə bazarlarının səmərəliliyi və rəqabət işçi qrupu” ilə birlikdə dövlət satınalmaları sahəsində aparılan islahatlara dair müzakirələr aparılıb. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat tədbirləri haqqında ətraflı məlumatlar verib. Daha sonra müzakirələr, əsasən, dövlət satınalmalarını tənzimləyən qurumların prosesə inteqrasiyası, texniki həllər və kommunikasiya sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları barədə olub.

Xatırladaq ki, dövlət satınalmaları prosesinin elektron qaydada həyata keçirilməsi üçün vahid internet portalı yaradılıb, həmçinin satınalan təşkilatların tenderdə iştirak prosedurları sadələşdirilib və müraciətlərə baxış günləri minimuma endirilib. Bununla da dövlət satınalmaları sahəsində aparılan islahatlar, eləcə də “Dövlət satınalmaları haqqında” Qanunun qüvvəyə minməsi ilə Azərbaycanda dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsasları müəyyənləşdirilir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları müəyyən edilib.