2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 mlrd. manat təşkil edəcəyi gözlənilir. “APA-Economics”in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair hazırladığı hesabatda deyilir. Nazirliyin məlumatına əsasən, 2021-ci ildə ölkədə 88,4 mlrd. manatlıq (artım 3,8 faiz), 2022-ci ildə 92,7 mlrd. manatlıq (real artım 3 faiz), 2023-cü ildə isə 96,9 mlrd. manatlıq (real artım 2,7 faiz) ÜDM istehsal olunacağı gözlənilir. ÜDM deflyatoru növbəti iki ildə 3 faizə qədər artsa da, 2022-2023-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq.
2020-ci ildə sahə strukturuna görə ÜDM-in 4,8 mlrd. manatı və ya 5,8 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 mlrd. manatı və ya 38 faizi sənayenin, 6,5 mlrd. manatı və ya 7,8 faizi tikintinin, 32,7 mlrd. manatı və ya 39,5 faizi xidmətlərin istehsalının, 7,3 mlrd. manatı və ya 8,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda 0,9 faiz artım gözlənilir.
Proqnozlardan göründüyü kimi, ortamüddətli dövr üzrə ÜDM-in sahə strukturunda ən yüksək real artım turistlərin yerləşdirilməsi, ictimai iaşə və informasiya və rabitə sektorları üzrə müşahidə edilir.