Məsafədən bank hesabının açılmasına dair meyarlar müəyyənləşib

2019.09.13 16:50 (UTC+04:00)

Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılmasına dair meyarlar müəyyən edilib. "APA-Economics"in əldə etdiyi məlumata görə, fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malik olacaq. 500 manatadək açılacaq hesab üçün elektron imza ("e-imza") lazım olmayacaq. Bunun üçün sadəcə istifadəçi adı və parolu kifayətdir, hesab cəmi 10 dəqiqə ərzində aktivləşəcək. 6 min manatadək hesabın açılmasına da "e-imza"ya ehtiyac olmayacaq. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazımdır. Sifarişçi barədə məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin bazasına sorğu göndəriləcək. Sifarişçi özü barədə məlumatları bölüşməyə icazə verdiyini təsdiqlədikdən sonra məlumatlar seçdiyi banka göndəriləcək. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə (ona uyğun olan zaman) əlaqə saxlanılacaq və bütün danışıqlar (videogörüntülü zəng) qeydə alınacaq.

Qeyd olunan prosedurları keçdikdən sonra bank tərəfindən hesab açılacaq və sifarişçiyə müqavilə göndəriləcək. Sifarişçi ona məxsus digər hesabların olub-olmadığı barədə bankı məlumatlandırmalıdır. Üçüncü meyara uğun olaraq, sifarişçi 20 min manatadək hesab açmaq hüququna malik olacaq. Bunun üçün "e-imza"nın olması zəruridir.

Qeyd edək ki, məsafədən bank hesabının açılması xidmətinin gələn ilin əvvəlindən istifadəyə veriləcəyi gözlənilir. İlkin məlumata görə, xidmətdən istifadəyə görə komissiya tutulmayacaq. Xidmət ilkin olaraq debit kartlar üçün nəzərdə tutulur, növbəti mərhələdə isə xidmət kredit kartlar üçün də aktiv olacaq. Hazırda sistem 8 pilot banklar tərəfindən test olunur.

Xatırladaq ki, məsafədən bank hesabının açılması xidməti hüquqi şəxslər üçün də nəzərdə tutulub. Fiziki şəxslər üçün təqdim ediləcək xidmətdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limitlər qoyulmayacaq və istənilən halda hesab açmaq üçün e-imzanın olması zəruri olacaq.