Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 10,5 faiz artıb

2019.09.13 16:17 (UTC+04:00)

Ölkəmizin strateji valyuta ehtiyatları cari ilin əvvəlindən 10,5 faiz və ya 4,7 mlrd. ABŞ dolları artaraq 49,4 mlrd. dollara çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir ki, neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 dollar) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə, cari ilin 8 ayında ixrac 5,1 faiz, o cümlədən qeyri-neft ixracı 15,4 faiz artıb, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11,7 faiz təşkil edib.

Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir. “Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər”, - deyə məlumatda bildirilir.