Dövlət Statistika Komitəsinin sədr müavini: “Müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 8,7 faizdir”

2019.09.13 14:41 (UTC+04:00)

Rəsmi statistika məlumatlarının keyfiyyəti, tamlığı müşahidə olunmayan iqtisadiyyatın düzgün qiymətləndirilməsindən asılıdır. Çünki ənənəvi statistik metodlarla müşahidəyə cəlb edilməsi mümkün olmayan iqtisadi hadisə və ya prosesi dəqiq uçota almaq mümkün deyil.

“Kölgə iqtisadiyyatı”na həsr olunmuş beynəlxalq konfransdakı çıxışında Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib ki, ən böyük çətinlik fəaliyyət göstərən sahibkarların bəzilərinin istehsal etdikləri mal və xidmətlərin real həcmini tam və ya qismən bilərəkdən gizlətməsi ilə bağlıdır: “Uçotdan gizlədilən məhsul bazara çıxarılır, satılır, sahibkar qazanc əldə edir, lakin dövlət orqanları bundan xəbərsiz olur. Nəticədə ümumi daxili məhsulun həcmi və dinamikasına dair statistik məlumatların təhrif olunması təhlükəsi yaranır”.

R.Səlimov əlavə edib ki, son məlumatlara görə, Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 8,7 faiz təşkil edir. İqtisadiyyatın sahələrində yaradılan əlavə dəyərdə müşahidə olunmayan iqtisadiyyatın payı isə qeyri-neft sənayesində 13,7 faiz, kənd təsərrüfatında 7,7 faiz, tikintidə 11,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 24 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 16,7 faiz, sosial və digər xidmətlər sahəsində 14,4 faiz təşkil edir.