İqtisadi siyasətin hədəfində hər şeydən əvvəl vergi ödəyicisi və vətəndaş məmnunluğu durur

2019.09.13 14:19 (UTC+04:00)

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış edərək ölkəmizdə dayanıqlı və sabit iqtisadi sistem formalaşdığını, sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər nəticəsində özəl bölmənin inkişafının sürətləndirildiyini, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yarandığını bildirib: “Hazırda Azərbaycan iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb, sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması istiqamətində iş aparılır.

Son illərdə vergi sistemində həyata keçirilən islahatlar, vergi siyasətinin əsas istiqamətlərinin müəyyən olunması, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Bu proses yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergi ödəyicilərindən vergi toplamağa şərait yaradır. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modelləri yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Bu, kompleks bir fəaliyyətdir, vergi ödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində, hər şeydən öncə, vergi ödəyicisi və vətəndaş məmnunluğu durur”.

M.Musayev qeyd edib ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının daraldılmasıdır: “Bu çərçivədə gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir çox sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi prosesi daha da gücləndirir”.