Səfər Mehdiyev: “Azərbaycana uçotsuz nəqliyyat vasitələrinin və malların daxil olmasının qarşısı alınır”

2019.09.13 13:27 (UTC+04:00)

Bakıda keçirilən “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, hələ də topdansatış mərkəzlərində qeydiyyatsız mallar var və bu, gömrük orqanlarını düşündürür. Bu il 1 milyard 300 milyon manat əlavə vəsait toplanılmalı idi. Aparılan tədbirlər nəticəsində bu hədəf daha 500 milyon manat artırılıb. Artıq Azərbaycan bazarında 4 milyard manatlıq malın qeydiyyatı və uçotu təşkil olunub.

DGK-nin sədri onu da nəzərə çatdırıb ki, mövcud risklərin və baş verə biləcək risklərin qiymətləndirilməsi “kölgə iqtisadiyyatı”na qarşı mübarizə üçün seçilən istiqamətlərindən biridir: “Bu halda qaçaqmalçılıqla bağlı mübarizəyə xüsusi diqqət yetirilir. Digər tərəfdən, xüsusi imtiyaz verilmiş şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır ”.