"Əməkçi miqrantların və onların ailələrinin hüquqları insan hüquqlarının tərkib hissəsidir". APA xəbər verir ki, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxışı zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir deyib ki, ölkədə əməkçi miqrantların hüquqlarının qorunması hər zaman böyük əhəmiyyət kəsb edib: "Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb. Azərbaycanın əməkçi miqrantlara bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsi qadağan edilib. Əməkçi miqrantların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə bərabər səviyyədə tanınır. Bir sıra ölkələrdə milli siyasətin yeridilməsinə üstünlük verilir, daxili əmək resurslarının qorunması ön plana çəkilir. Məsələn, 500 milyonluq əhalisi olan Avropa İttifaqı ərazisinə bir neçə milyonluq miqrantın daxili olmasının necə çətinliklər yaratması göz önündədir. Azərbaycanda isə qaçqın və məcburi köçkünlər əhalinin 10 faizdən çoxunu təşkil edir. Miqrasiya məsələsində ən önəmli məqam cəmiyyətin tolerantlığı, monoetnik dəyərlərdən kənar durmasıdır. Bu baxımdan, Azərbaycan dünyaya nümunə göstərilə biləcək ölkələrdəndir".
Nazir qeyd edib ki, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. Hazırda nazirliyin “Əmək müqaviləsi bildirişi” sistemində əcnəbilərlə bağlanmış 9.962 əmək müqaviləsi qeydiyyatdadır.