Bakıda “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “kölgə iqtisadiyyatı” ilə mübarizədə ali audit orqanlarının rolu haqqında danışaraq bildirib ki, son illərdə dünyada gedən proseslər “kölgə iqtisadiyyatı” anlayışının daha dərin araşdırılmasını zərurətə çevirib: “Kölgə iqtisadiyyatı” ictimai həyatın bütün sferalarına mənfi təsir göstərmək iqtidarındadır. Bu, dövləti, müəssisələri, vətəndaşları əhatə edir və ümumilikdə ölkənin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, insanların həyat səviyyəsini mənfi mənada dəyişdirir. Bu fəaliyyət dövlət büdcəsi gəlirlərini mövcud potensialdan əhəmiyyətli dərəcədə kənarlaşdırmaqla mümkün xərc istiqamətlərini, xüsusilə də investisiya imkanları və dövlətin sosial funksiyalarını məhdudlaşdırır. Digər tərəfdən, “kölgə iqtisadiyyatı” müəssisələrin rəqabətliliyinin ədalətsiz olaraq gücləndirilməsinə, qeyri-rəsmi uçotun çiçəklənməsinə, vergi və sosial sığortadan yayınmaya imkan yaratmaqla, ümumilikdə, sosial-iqtisadi potensialın reallaşdırılmasına problemlər yaradır”.
Bildirilib ki, Azərbaycan Respublikasının ali audit orqanı kimi Hesablama Palatasının fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər müəyyən mənada “kölgə iqtisadiyyatı” ilə mübarizə xarakteri daşıyır və iki əsas qrupa bölünür: birincisi, dövlətin gəlir potensialının müəyyənləşdirilməsi, ikincisi, dövlət xərclərinin “kölgə iqtisadiyyatı”na şərait yaradan istiqamətlərinin müəyyənləşdirilməsi: “Dövlətin gəlir potensialının müəyyənləşdirilməsi sahəsində ali audit orqanlarının başlıca fəaliyyəti əsasən vergi inzibatçılığının təşkilində yaranan boşluqların aşkarlanmasını və maliyyə hesabatları üzrə aparılan təhlilləri əhatə edir.
İnzibatçılığın qiymətləndirilməsi ilə bağlı aparılan tədbirlərdə Hesablama Palatası səmərəlilik (performans) auditinin elementlərini də tətbiq etməklə uyğunluq auditindən istifadə edir. Vergi və ya gömrük orqanlarında aparılan yoxlamalar zamanı funksional işin təşkili (struktur quruluşun, işçi saylarının sahəvi bölgüsünün və s.) vəziyyətinin qiymətləndirilməsi; ayrı-ayrı vergi növləri üzrə təsdiq olunmuş proqnozların vergitutma bazasına uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsi; inzibatçılığa sərf olunan resursların müqabilində gəlirlərin yığılması üzrə əldə olunan nəticələrin qiymətləndirilməsi həyata keçirilir”.
V.Gülməmmədov qeyd edib ki, dövlət gəlirlərinin “kölgə iqtisadiyyatı”nın təsirinə məruz qaldığı daha bir münbit platforma nağd əməliyyatların aparılması ilə bağlıdır: “Dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcə daxilolmaları 2018-ci il üçün 29,2 mln. manat, cari ilin 6 ayı üzrə 19,4 mln. manat təşkil etmişdir. Bu rəqəmlər ötən ildən nağdlaşdırılmış vəsaitin həcminin təxminən 3 milyard manat, 2019-cu ilin 6 ayı üzrə isə təxminən 2 milyard manat olduğunu göstərir. Qeyd edək ki, bu rəqəmlər yalnız hüquqi və fiziki şəxslər tərəfindən aparılmış əməliyyatları əhatə edir - əhali tərəfindən həyata keçirilən nağd əməliyyatlar istisnadır.
2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə nağdlaşdırılmış vəsaitin həcmi 26,7 faiz artmışdır. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təqribən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilmişdir ki, bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir”.