Ziyad Səmədzadə: “Güclü Azərbaycanın mövcudluğu “kölgə iqtisadiyyatı”na qarşı mübarizə aparılmasını aktual edir”

2019.09.13 12:03 (UTC+04:00)

Bunu Bakıda keçirilən “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “kölgə iqtisadiyyatı” və onun leqal iqtisadiyyata, insanların sosial rifah halına təsirləri, ölkədə həyata keçirilən islahatların “kölgə iqtisadiyyatı”na vurduğu zərbələr haqda danışıb, beynəlxalq təcrübəyə əsaslanan mübarizə yollarını göstərib. Z. Səmədzadə bildirib ki, “kölgə iqtisadiyyatı”na daha çox kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil: “Müstəqilliyin ilkin illərində insanları ilk növbədə yaşamaq uğrunda mübarizə aparmaq maraqlandırırdı, bu sahədə uçot, qeydiyyat aparılması mümkün deyildi. Bu gün isə Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5 faizə düşüb. Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib. Bütün bunlar artıq ölkədə “kölgə iqtisadiyyatı”na qarşı mübarizə aparılmasını aktual edir”.