Vergilər naziri: "Dəfələrlə bu fikri vurğulamışıq və yenidən onu səsləndirmək istəyirəm: qanun qarşısında hamı birdir"

2019.09.13 11:40 (UTC+04:00)

"Vergi orqanlarının şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblərindən heç də hamı razılıq edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bununla asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər, lakin hesab edirəm ki, bu, müvəqqəti haldır".

Vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı beynəlxalq elmi-praktik konfransda çıxışında deyib ki, qanunların icrası ilə bağlı hər kəsə bərabər şərait yaradılır: "Biz dəfələrlə bu fikri vurğulamışıq və yenidən onu səsləndirmək istəyirəm: qanun qarşısında hamı birdir".

Leqallaşmanın sağlam mühit, sağlam rəqabət şəraiti yaratdığını deyən nazir bunun təkcə yerli istehsalçılar üçün deyil, xarici investorlar üçün də əhəmiyyətli olduğunu vurğulayıb: "Kölgə iqtisadiyyatı" investoru hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazardakı sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və "yalançı" sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvinə nail olmaqdır".