SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb

2019.09.13 11:35 (UTC+04:00)

Azərbaycanın SOCAR şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb. Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib: “Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Cari ilin ilk 8 ayı ərzində Ukraynanın xam neft idxalının 92 faizi Azərbaycanın payına düşüb".

Qeyd olunub ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn uzunmüddətli möhkəm əlaqələr yaranıb. X.Xələfov, həmçinin, Ukraynadakı Azərbaycan diasporunun ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə töhfə verən yüksək rolunu qeyd edib.
Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT və s. kimi sahələrdə, o cümlədən ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.